Gürcüstan Konstitusiyasına əsasən, "Gürcüstan vətəndaşlarının sarsılmaz iradəsi demokratik bir ictimai təsisat qurmaqdır." O, irqindən, dərisinin rəngindən, dilindən, cinsindən və dinindən asılı olmayaraq bütün gürcü millətinin və bütün Gürcüstan vətəndaşlarının demokratik dövlət qurmaq üçün birlikdə çalışmaq istəyini ifadə edir.
Bu məqsədə insan hüquq və azadlıqlarına hörmət etmə və onların qorunması olmadan nail olmaq olmaz, çünki məhs bu, demokratiyanın əsas təminatlarından biridir.
İnsan hüquqları bütün vətəndaşların maraqlarını birləşdirir və bu maraqların qorunmasının ən möhkəm vasitəsi qanundur. Hər kəs qanun qarşısında bərabərdir və mənim, Ombudsman kimi əsas məqsədim Gürcüstanda qanunun aliliyini möhkəmləndirməkdir.
Gürcüstan Parlamenti tərəfindən Xalq Müdafiəçisi (Ombusman) seçildiyim üçün sizin hüquq və azadlıqlarınızı qorumaq mənim borcumdur.
Gürcüstan Xalq Müdafiəçisi olaraq, borcluyam:
- Gürcüstan Konstitusiya və Gürcüstan Qanunu ilə təsbit edilmiş hüquq və azadlıqların, habelə Gürcüstanın da üzv olduğu beynəlxalq müqavilə və sazişlərlə müəyyən edilmiş hüquq və azadlıqların pozulması ilə bağlı olan Gürcüstan vətəndaşlarının, Gürcüstanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, qeyri-hökumət təşkilatlarının ərizə və şikayətlərinə cavab verməyə;
- Həbs, məhkəməyə qədər (ilkin) həbs və azadlığın məhdudlaşdırıldığı digər yerlərdə insan hüquq və azadlıqlarının vəziyyətini yoxlamağa;
- İnsan hüquqlarının qorunması sahəsində maarifləndirmə işi aparmağa.
Məqsədim, uşaq hüquqları pozulduqda, yaşlıların hüquqlarına məhəl qoyulmadıqda, işçiyə qarşı haqsız davranıldığında, mülkiyyət hüquqları pozulduğunda, məhbuslara işgəncə verildiyi və ya qeyri-insani rəftar edildiyində, azlıqda qalan vətəndaşlar sıxışdırıldıqda, fərqli baxışları olan insanlar təqib olunduqda və insanların azadlıqları qanunsuz şəkildə əlindən alındıqda heç bir faktı cavabsız qoymamaqdır.
Sizi əmin etmək istəyirəm ki, ərizə və şikayətləriniz ədalətli və təxirəsalınmaz şəkildə mənim və Xalq Müdafiəçisi Aparatı tərəfindən araşdırılacaqdır.
Gürcüstanın Xalq Müdafiəçisi