Yeniliklər

“Kovid pandemiyası şəraitində məhdud imkanlı şəxslərin təhsil hüququ“

10 Noyabr 2021-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Milli İnsan Hüquqları Təşkilatlarının Avropa Şəbəkəsi (ENNHRI) ilə birlikdə “Kovid Pandemiyasında məhdud imkanları olan şəxslərin təhsil hüququ” mövzusunda beynəlxalq vebinar keçirmişdir.

Vebinarda pandemiya zamanı məhdud imkanları olan insanların təhsil hüququ ilə bağlı problemlər müzakirə edilib və yüksək keyfiyyətli inklüziv təhsillə bağlı qabaqcıl təcrübə, metodiki təcrübə və fikir mübadiləsi aparılıb. Onlayn iclasa ENNHRI-nin məhdud imkanlı şəxslər üzrə İşçi Qrupuna sədrlik edən Gürcüstanın Xalq Müdafiəçisinin müavini Ekaterine Sxiladze sədrlik edib.

Tədbiri Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomjaria və ENNHRI-nin baş katibi Debbi Koener açıblar. BMT-nin Məhdud İmkanlı Şəxslərin Hüquqları Komitəsinin baş katibi vəzifəsini icra edən Ketrin Pedreros və Məhdud İmkanlı Şəxslərin Avropa Forumunun (EDF) icraçı direktoru Mauren Piqott da çıxış ediblər.

Xorvatiya, Latviya, Çexiya və İrlandiyanın Milli İnsan Hüquqları İnstitutlarının/Ombudsmanlarının ofislərinin nümayəndələri öz ölkələrinin təcrübəsini bölüşüblər. İştirakçılar həmçinin tələbələrin, o cümlədən məhdud imkanları olan şəxslərin distant təhsil alarkən qarşılaşdıqları problemlərdən və dövlətlərin bu problemlərin həllinə nə dərəcədə hazır olduqlarından danışıblar; məhdud imkanları olan şəxslər üçün inklüziv təhsilin əhəmiyyəti və BMT-nin “Məhdud İmkanlı Şəxslərin hüquqları haqqında” Konvensiyasının 24-cü maddəsində təsbit olunmuş standartlar, həmçinin inklüziv təhsilin təbliğində milli insan hüquqları institutları və vətəndaş cəmiyyətinin rolu müzakirə edilib.

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)