Xalq Müdafiəçisi ATƏT-in nümayəndə heyətinin üzvləri ilə dini və etnik azlıqların hüquqi vəziyyətini müzakirə edib
12 sentyabr 2022-ci il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Nino Lomcaria ATƏT rəhbərliyinin şəxsi nümayəndələri və nümayəndə heyətinin digər üzvləri ilə tolerantlıq və ayrı-seçkiliklə mübarizə məsələləri üzrə görüş keçirib.
İclasda Xalq Müdafiəçisi Gürcüstanda azlıqda olan dini və etnik qrupların hüquqi vəziyyətini və bununla bağlı Xalq Müdafiəçisinin və ölkədə fəaliyyət göstərən qurumların işinin səmərəliliyini nəzərdən keçirib; O, aparatın baxışlarını və tövsiyələrini təqdim edib. Görüşdə son illər dini və etnik zəmində baş verən ayrı-seçkilik faktları, onların aşkarlanmasının çətinliyi və problemlərin həlli yollarından danışılıb.
Görüşdə Xalq Müdafiəçisi yanında Tolerantlıq Mərkəzinin əməkdaşları - Beka Mindiaşvili və İzabela Osipova və Bərabərlik Departamentinin rəhbəri Keti Şubaşvili də iştirak ediblər.