Sosial şəbəkələrdə aksiyalarda iştirak edən azyaşlılara qarşı davam edən təqiblərlə bağlı Xalq Müdafiəçisinin bəyanatı
Gürcüstanın Xalq Müdafiəçisi sosial şəbəkələrdə aksiyalarda iştirak edən azyaşlıların fotolarının, telefon nömrələrinin yayılmasını və onlara qarşı edilən təhdidləri, nifrət və təhqiramiz çağırışları pisləyir. Yaradılan siyasi vəziyyət fonunda onların arasında siyasətçilərdən uşaqlara qarşı ləkələyici bəyanatlar səslənir. Həmçinin müxalifət və iqtidar partiyasını təmsil edən həm vətəndaş fəallarının, həm də siyasətçilərin azyaşlı uşaqlarının təhdid mesajlarının ünvanına çevrilməsi qətiyyən yolverilməzdir.
Bu, ölkənin insan haqları dəyərlərinə və demokratik prinsiplərinə ziddir, çox təhlükəlidir və uşaqlara qarşı zorakılığın yüksək səviyyəsinə səbəb olur.
Dövlətin bilavasitə borcudur ki, hər bir işə dərhal təsirli şəkildə reaksiya versin və hər bir yetkinlik yaşına çatmayanın təhlükəsizliyinin və rifahının tam şəkildə qorunmasını təmin etmək üçün qabaqlayıcı tədbirlərin tətbiqi də daxil olmaqla, mümkün olan hər şeyi etsin.
Bundan əlavə, yetkinlik yaşına çatmayanların təhlükəsizliyini və mənafelərini qorumaq cəmiyyətin ən mühüm dəyərlərindən biri və hər bir insanın öhdəliyi olmalıdır.
Gürcüstanın Xalq Müdafiəçisi vurğulayır ki, uşaqlar Gürcüstan Konstitusiyası, Uşaq Hüquqları Konvensiyası və Uşaq Hüquqları Məcəlləsi ilə təmin edilən ifadə və dinc toplaşmaq azadlığından istifadə edirlər. Yetkinlik yaşına çatmayanların məlumatlandırılmaq, ölkədə baş verən hadisələrlə bağlı fikirlərini bildirmək və qərarların qəbulu prosesində iştirak etmək hüququ vardır. Onların bu hüququndan istifadə edərkən hücum hədəfinə çevrilməsi son dərəcə qəbuledilməzdir.
Yetkinlik yaşına çatmayanlar sərbəst toplaşmaq azadlığından istifadə etdikdə dövlət xüsusi qayğı ilə hərəkət etməli, onların təhlükəsizliyini qorumaq üçün müvafiq, qabaqlayıcı və əlavə tədbirlər görməlidir. Qanunda nəzərdə tutulmuş tədbir həyata keçirilməzdən əvvəl, ilk növbədə, onun uşaqların həyatına və sağlamlığına hansı təsir göstərəcəyi qiymətləndirilməlidir.
Xalq Müdafiəçisi Gürcüstan Daxili İşlər Nazirliyini, Xüsusi İstintaq Xidmətini və Şəxsi Məlumatların Mühafizəsi Xidmətini çağırır, yetkinlik yaşına çatmayanların hüquqlarının pozulması ilə bağlı hər bir faktı öyrənmək, hallara səmərəli və uşaqlara uyğun yanaşma ilə cavab vermək üçün bütün mümkün tədbirləri görmək məqsədi ilə.