Beynəlxalq Evsizlər Günü
Beynəlxalq Evsizlər Günü oktyabrın 10-da qeyd olunur. Onun məqsədi cəmiyyətin ən həssas qruplarından biri kimi evsiz insanların ehtiyaclarına diqqəti cəlb etməkdir.
Bütün insanların təhlükəsiz, dinc və layiqli həyat şəraiti hüququ var. Gürcüstanın Xalq Müdafiəçisi bu hüququn həyata keçirilməsinə nəzarətə xüsusi diqqət yetirir.
Gürcüstanda evsiz insanların hüquqi statusu ilə bağlı bir çox problemimiz var. Problem evsizlər üçün hökumət strategiyasının və müvafiq fəaliyyət planının, evsiz şəxsin tam hüquqlu tərifinin və müvafiq mənzil hüququnun həyata keçirilməsi üçün zəruri çərçivə qanunvericiliyinin olmaması olaraq qalır. Həmçinin, bizdə evsizlərin vahid məlumat bazası və evsizlər üçün sosial mənzillərin təşkili üçün minimum standartlar yoxdur. Ölkədə evsizliyə səbəb olan amilləri və evsizliyin miqyasını öyrənmək üçün məlumatların işlənilməməsi problemlidir. Nəticədə, hökumətin tədqiqata əsaslanan evsizliyin qarşısının alınması siyasəti yoxdur.
Evsiz insanların ehtiyaclarına cavab vermək üçün yerli hakimiyyət orqanları tərəfindən görülən tədbirlər qeyri-adekvatdır və problemlərin miqyasına mütənasib deyil. Bələdiyyələrin büdcələrində səfərbər olunan və əksər hallarda mənzillərin kirayə haqqını ödəmək üçün nəzərdə tutulan vəsaitlər yetərli deyil və evsizlər qruplarını tam əhatə edə bilmir, bəzi bələdiyyələrdə isə belə məqsədli proqramlar ümumiyyətlə mövcud deyil. Ölkədə sosial mənzillərin evsizlər üçün nəzərdə tutulmuş hissəsində çox ağır yaşayış şəraiti mövcuddur və mənzillərin adekvatlığı ilə bağlı müəyyən edilmiş beynəlxalq standartlara cavab vermir.
Mərkəzi və yerli hakimiyyət orqanlarının ölkədə evsizliyin bütün formalarının mərhələli, dönməz və qəti şəkildə aradan qaldırılması istiqamətində işlərə səmərəli rəhbərlik etmələri vacibdir.