Xalq müdafiəçisi kooperativ mənzil tikintisinin dayandırılmasından zərərçəkənlərlə görüşüb
21 dekabr 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani 90-cı illərdə Kutaisidə kooperativ yaşayış binasının tikintisinin dayandırılmasından zərər çəkmiş insanlarla görüşüb və onların tələbləri ilə tanış olub. Əhali dövlət tərəfindən daxili borc kimi tanınan öhdəliklərin vaxtında yerinə yetirilməsini və mənzillərinin verilməsini tələb edir.
Xalq müdafiəçisi parlament hesabatlarında illərdir ki, kooperativ mənzillərdən zərər çəkmiş şəxslər qarşısında dövlət tərəfindən daxili borc kimi tanınan öhdəliyin yerinə yetirilməsi ilə bağlı problemləri diqqətə çatdırıb.
Xüsusilə Gürcüstanın sözügedən məsələnin hətta hüquqi cəhətdən tənzimlənmədiyi regionlarında vəziyyət ağırdır. Xalq müdafiəçisi hesab edir ki, Gürcüstan hökuməti öhdəliyin formasını və müddətini ətraflı şəkildə müəyyən edən vahid normativ akt qəbul etməlidir.
Gürcüstanın Xalq Müdafiəçisi Aparatı məsələni araşdırmaqda davam edəcək və zərər çəkmiş vətəndaşların hüquqlarının müdafiəsi üçün mandat çərçivəsində bütün tədbirləri görəcək.