Xalq Müdafiəçisinin müavini Avropa İttifaqı-Gürcüstan Parlament Assosiasiyası Komitəsinin sessiyasında çıxış edib
8 iyun 2023-cü il tarixində Gürcüstanın Xalq Müdafiəçisinin müavini Natia Culakidze Avropa İttifaqı-Gürcüstan Parlament Assosiasiyası Komitəsinin (PAC) Brüsseldə, Avropa Parlamentində keçirilən 12-ci sessiyasında iştirak etmişdir.
Komitənin sessiyası çərçivəsində Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyi, Avropa Komissiyasının müəyyən etdiyi 12 tövsiyənin icrası prosesi müzakirə edilib.
Sessiyada çıxış edən Xalq Müdafiəçisinin müavini insan hüquqlarının müdafiəsi baxımından Gürcüstanda baş verən son hadisələri, o cümlədən hüquq müdafiəçilərinin həbsi məsələsini müzakirə edib; O, 12 bəndlik planın icrası kontekstində Xalq Müdafiəçisinin seçilməsi prosesi, aparatın mandatı və ölkədə məhkəmə-hüquq sistemində islahatlarla məşğul olan qrupda iştirakdan danışıb. O, həmçinin hökumətlə qeyri-hökumət sektoru arasında əməkdaşlığın zəruriliyindən və Xalq Müdafiəçisinin onlar arasında vasitəçi kimi çıxış etmək istəyindən danışıb. İnsan hüquqlarının müdafiəsi strategiyasının çatışmazlıqlarına gəlincə, Xalq Müdafiəçisinin müavini strategiyanın bütün çatışmazlıqlarının fəaliyyət planında öz əksini tapacağına ümid etdiyini bildirib. O, ölkədə bərqərar olmuş qütbləşməni və nifrət nitqinin davamlı təzahürlərini vurğulayıb. Bu vəziyyətdə “güclü Xalq Müdafiəçisi institutunu saxlamaq böyük əhəmiyyət kəsb edir. Bizim həqiqətən də bu ambisiyamız var və bunun üçün hər şeyi edirik”, - Natia Culakidze bildirib.
Sessiyada Gürcüstan parlamentinin və Avropa Parlamentinin daimi nümayəndə heyətləri, Gürcüstanın icra strukturlarının nümayəndələri də iştirak ediblər.
Avropa İttifaqı-Gürcüstan Assosiasiyası Parlament Komitəsi Avropa İttifaqı ilə Assosiasiya Sazişi əsasında yaradılmış parlament qurumudur. Onun əsas məqsədi Assosiasiya Sazişinin icrasına nəzarət etmək və Gürcüstanın Avropaya inteqrasiyasını təşviq etməkdir.