Yeniliklər

Məhdud imkanları olan insanlar üçün inklüziv təhsilin təmin edilməsi: Pandemiyadan nə öyrənə bilərik??

Gürcüstanın Xalq Müdafiəçisinin müavini, Avropa Milli İnsan Hüquqları İnstitutları Şəbəkəsinin Məhdud İmkanlı Şəxslərin Hüquqları üzrə İşçi Qrupunun sədri Ekaterine Sxiladze pandemiyanın təsiri və Avropa Şəbəkəsinin internet saytındakı qonaq bloqunda qazanılan təcrübə haqqında danışıb.

Bu gün biz məhdud imkanları olan şəxslərin hüquqlarını və rifahını təşviq etmək məqsədi daşıyan Beynəlxalq Məhdud İmkalı Şəxslər Gününü qeyd edirik. Lakin artıq iki ildir ki, pandemiya məhdud imkanlı şəxslərin əsas hüquqlarını həyata keçirməyi daha da çətinləşdirib. Onların arasında təhsil hüququ da var.

Bu ilki mövzu “Məhdud imkanları olan insanların inklüziv, əlçatan və davamlı post-Covid dünyasında liderliyi və iştirakı”dır. Pandemiyanın başlanmasından bəri əksər dövlətlər məhdud imkanlı şəxslərin hüquqlarını qorumaq və BMT-nin Məhdud imkanlı şəxslərin Hüquqları haqqında Konvensiyasında tələb olunan qərarların qəbulu prosesində iştirakını təmin etmək üzrə öhdəliklərini yerinə yetirə bilməyiblər.

Pandemiyanın başlanğıcında əsas diqqət məhdud imkanları olan şəxslərin səhiyyə və digər zəruri xidmətlərə çıxışının təmin edilməsinə yönəldilib. Ancaq tezliklə məlum oldu ki, pandemiyanın onların fundamental hüquqlarına daha çox təsiri var.

Pandemiya Çağırışları

Pandemiya mövcud bərabərsizlikləri kəskinləşdirib və məhdud imkanları olan şəxslərin keyfiyyətli və inklüziv təhsil almasını daha da çətinləşdirib, sosial təcrid və yoxsulluğa gətirib çıxarıb, onların məşğulluq hüququnun həyata keçirilməsinə mane olub, iqtisadi müstəqilliyini azaldıb.

Bundan əlavə, distant təhsilə keçid məhdud imkanları olan şəxslərin keyfiyyətli təhsilə çıxış imkanları baxımından bir çox çətinliklər yaradıb. Əsas maneələr bunlardır:

  • Distant təhsilə keçid zamanı xüsusi təhsil ehtiyacı olan tələbələr üçün məqsədyönlü siyasətin olmaması.
  • Xüsusilə çətin iqtisadi şəraitdə və kənd yerlərində olan uşaqlar üçün İnternetə və zəruri avadanlıqlara kifayət qədər çıxışın olmaması.
  • Xüsusilə sensor və psixo-sosial qüsurları olan uşaqlar üçün müvafiq distant təhsil vasitələrinin olmaması.
  • Təhsil məqsədləri üçün istifadə olunan onlayn platformaların çevikliyinin və əlçatanlığının olmaması.
  • Məhdud imkanları olan tələbələrin, onların valideynlərinin və məhdud imkanları olan insanlarla işləyən təşkilatların cəlb edilməsi və əsas təhsil qərarlarının qəbul edilməsində onlarla məsləhətləşmələrin əksikliyi və ya olmaması.

Pandemiya şəraitində inklüziv təhsilin təmin edilməsi üzrə milli insan hüquqları institutlarının fəaliyyəti

Milli insan haqları institutları tərəfindən bütün Avropada bununla bağlı çətin vəziyyət müşahidə olunur. Milli insan hüquqları institutları pandemiyanın başlanğıcından bu məsələdə, məsələn, Avropa Milli İnsan Hüquqları İnstitutlar Şəbəkəsinin Məhdud İmkanlı Şəxslərin Hüquqları üzrə İşçi Qrupu vasitəsilə geniş şəkildə cəlb olunub. Üzvlər ölkələrinin təcrübələri və çətinlikləri ilə bağlı təcrübələrini bölüşdülər ki, bu da məhdud imkanları olan uşaqların, hətta pandemiyanın ilkin mərhələlərində belə, bir çox ölkədə təhsil sistemindən kənarda qaldıqlarını ortaya qoydu.

Məsələnin davam edən əhəmiyyəti ilə əlaqədar olaraq, Milli İnsan Hüquqları Təşkilatlarının Avropa Şəbəkəsi və Gürcüstanın Xalq Müdafiəçisi Ofisi 2021-ci ilin noyabr ayında vebinar keçirdi. Burada Milli İnsan Hüquqları Təşkilatları Avropa Şəbəkəsinin Məhdud imkanlı şəxslərin Hüquqları üzrə İşçi Qrupunun üzvləri və digər Avropa və beynəlxalq maraqlı tərəflər iştirak ediblər.

Milli insan hüquqları institutlarının nümayəndələri düşdüyü situasiyalardan, eləcə də milli insan hüquqları institutlarının və vətəndaş cəmiyyətinin inklüziv təhsilin təbliğində rolundan və BMT Məhdud İmkalı Şəxslər Konvensiyasının 24-cü maddəsində müəyyən edilmiş standartların əhəmiyyətindən danışıblar.

Bəs rəqəmsal əsrdə inklüziv təhsil sistemlərini necə yarada bilərik?

Məhdud imkanları olan insanlar üçün keyfiyyətli, inklüziv təhsilin təmin edilməsi

BMT-nin Məhdud İmkanları olan Şəxslərin Hüquqları Konvensiyası milli insan hüquqları institutlarının və digər maraqlı tərəflərin təhsil sisteminin daxil edilməsini müdafiə etmək üçün istifadə edə biləcəyi ən güclü vasitələrdən biridir. Bu, informasiya və kommunikasiya texnologiyalarına çıxışı təmin edən iyirmi birinci əsrin ilk insan hüquqları müqaviləsidir.

BMT-nin Məhdud İmkanlı Şəxslərin Hüquqları Komitəsinin ikinci ümumi şərhinə əsasən, informasiya texnologiyaları məhdud imkanları olan insanların informasiyaya çıxışını təmin etmək, habelə onların sosiallaşması və inklüzivliyini təşviq etmək üçün vacibdir.

2021-2027-ci illər üçün Avropa Rəqəmsal Təhsil Fəaliyyət Planı da məhdud imkanları olan tələbələrin təhsilə çıxışını nəzərdə tutur. Planın həyata keçirilməsində BMT-nin Məhdud İmkanlı Şəxslərin Hüquqları haqqında Konvensiyasının tələblərinin nəzərə alınması vacibdir.

Bu cür razılaşmalar və planlar distant təhsilin tətbiqinin məhdud imkanları olan tələbələrin fərdi ehtiyaclarını təmin etmək üçün zəruri tədbirlərlə müşayiət olunmasını təmin edə bilər. Pandemiya zamanı bəzi ölkələr məhdud imkanları olan şəxslərin cəlb olunmasını təkmilləşdirmək üçün qanunvericilik dəyişiklikləri və təlimatlar qəbul etdilər. Digər ölkələr bu cür və ya oxşar yaxşı təcrübələri tətbiq etməlidir.

Təhsilin davamlı rəqəmsallaşdırılması məhdud imkanları olan tələbələrin ehtiyaclarını nəzərə almalıdır: bu proses isə artırmamalı, maneələri aradan qaldırmalıdır.

Milli insan hüquqları institutlarının bu məsələdə müstəsna rolu var. Onlar məhdud imkanları olan şəxslərin təhsil hüququnun qorunmasına nəzarəti davam etdirəcəklər. Eyni zamanda, onlar milli hakimiyyət orqanlarına qanunvericilik, siyasət və təcrübələrdə lazımi dəyişikliklər etməyi tövsiyə edirlər.

2022-ci ildə Avropa Milli İnsan Hüquqları İnstitutları Şəbəkəsinin Məhdud İmkanlı Şəxslərin Hüquqları üzrə İşçi Qrupu müntəzəm görüşlər keçirməyi davam etdirəcək, həmçinin məhdud imkanları olan şəxslərin təhsil hüququ ilə bağlı regional sorğu keçirməyi planlaşdırır. Ümid edirik ki, tədqiqat bütün Avropada təhsil hüququnu həyata keçirməyə kömək edəcək.

Məqalənin elektron versiyasına baxın

iş saatları: Bazar ertəsi–Cümə 9:00–18:00
qaynar xətt: 1481 (24/7)